Son illər baş verən hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm və sarsılmazdır. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər.Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin təməlində çoxəsrlik milli birlik, xalqların qardaşlığı prinsipi dayansa da, əlaqələrin hazırki səviyyəyə qalxmasında liderlərin uğurla strategiyası böyük rol oynayıb. Qardaş Türkiyə ilə münasibətlərin ən yüksək səviyyəyə çatdırılması ulu öndər Heydər Əliyevin Prezidentlik dövründə daim diqqət mərkəzində saxlanıldı, yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan müzakirələr sayəsində böyük tarixə malik qardaşlıq bağları daha da möhkəmləndirildi. Ümummilli liderimiz Heydər Əliyevin “bir millət, iki dövlət” tezisinin təntənəsinə çevrilən bu münasibətlər cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın prezidentlik dövründə də sürətlə inkişaf etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri hər iki ölkə arasında dostluq bağlarının daha da möhkəmlənməsinə, xalqlarımızın maraqlarının beynəlxalq miqyasda təmin olunmasına xidmət edir.
Əlaqələrin inkişaf etdirilməsində 2010-cu ildə yaradılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan ilə Türkiyənin birlikdə icra etdikləri qlobal əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri bütün dünyanın diqqət mərkəzindədir. İstər ikitərəfli, istərsə də çoxşaxəli beynəlxalq təşkilatlar çərçivəsində dostluq və əməkdaşlıq münasibətlərinin ən yüksək nümunəsini yaradan Azərbaycan və Türkiyə birlikdə nəhəng layihələr reallaşdırmaqla təkcə ölkələrimizin deyil, böyük bir regionun inkişafına da mühüm töhfələr verir. Məhz bu enerji layihələri ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirib.Azərbaycanın və Türkiyənin birgə həyata keçirdikləri Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi meqalayihələrdən digər xalqlar da faydalanır. Qeyd etmək lazımdır ki, cənab İlham Əliyev ilə cənab Rəcəb Tayyib Ərdoğan arasında dostluq münasibətləri iki ölkəni müttəfiqlik zirvəsinə daşıyıb. Belə ki, Azərbaycan-Türkiyə əlaqələri son illər ən yüksək səviyyəyə çatıb.
Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını qəti şəkildə nümayiş etdiriblər. Qarabağın işğaldan azad edilməsi üçün aparılan Vətən müharibəsində də Türkiyə "bir millət, iki dövlət" prinsipinə uyğun davranaraq Azərbaycana dəstək oldu. Türkiyənin göstərdiyi böyük siyasi və mənəvi dəstək nəticəsində Azərbaycan torpaqlarını işğalçılardan azad etdi. Vətən müharibəsi Azərbaycan-Türkiyə münasibətlərinin tarixində tamamilə yeni səhifə açdı. Belə ki, hələ müharibənin başlanmasının ilk saatlarında Rəcəb Tayyib Ərdoğanın Azərbaycana açıq-aydın və birmənalı dəstəyini ifadə etməsi xarici qüvvələri də müdaxilədən çəkindirdi. Bu 44 gün müddətində qardaş Türkiyə hər zaman olduğundan daha çox Azərbaycanın yanında oldu və bunu bütün tribunalardan ən yüksək səslə təkrar-təkrar söyləməkdən çəkinmədi. Zəfər paradında iki qardaş ölkənin liderlərinin tarixi çıxışı qələbəmizin möhtəşəmliyini bir daha dünyaya bəyan etdi.15 iyun 2021-ci ildə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsi imzalandı. Bu sənəddə təsbit olunan strateji müttəfiqlik iki qardaş dövlət arasında bütün sahələrdə sıx əməkdaşlıq, habelə təhlükəsizlik və müdafiə sahələrində qarşılıqlı yardım prinsiplərini ehtiva edir. Bəyannaməyə əsasən, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsində vacib amildir.Xüsusi vurğulamaq lazımdır ki, bu il fevralın 6-da Türkiyənin cənubunda baş verən 7.9 bal gücündə dağıdıcı zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ölkəmizdə dərin hüznlə qarşılandı. Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını və dövlətini dərin kədərə boğdu. Baş verən zəlzələdən sonra dövlət və millət olaraq səfərbər olduq. Çünki oradakı canlar bizim öz canlarımız idi. Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu çətin zamanlarda da qardaşının köməyinə çatan ilk ölkə oldu. Ölkə başçısı cənab İlham Əliyevin Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlaması, daha sonra zəng edərək bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirməsi, eləcə də fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olması, başsağlığı verməsi əsl qardaşlıq nümunəsi oldu. Ortaq dəyərlərimiz, tarixi köklərimiz, dinimiz bir olan Türkiyə ilə əzəldən var olan qardaşlıq bağlarımız gündən-günə daha da möhkəmlənir və güclənir. Məhz bu sarsılmaz, əbədi və əzəli birliyimizin gücü ilə də bütün çətinliklərin, problemlərin öhdəsindən layiqincə gəlirik və gələcəyik.
Bu il aprelin 29-da Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən TEKNOFEST aerokosmik və texnologiya festivalında iştirak etdilər. Qeyd edək ki, bu festival ötən il Bakıda keçirildi və Türkiyə ilə Azərbaycan rəhbərləri paytaxtımızda keçirilən festivalda birlikdə çıxış etdilər. TEKNOFEST-in Türkiyədən kənarda ilk olaraq ölkəmizdə keçirilməsi onu deməyə əsas verir ki, Azərbaycan və Türkiyə daim birlikdədir və bu qardaşlıq daim belə davam edəcək. Beləliklə, Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" konsepsiyası cənab İlham Əliyev tərəfindən "Bir millət, iki dövlət, bir yumruq" olaraq uğurla davam etdirilir.
Sahib Şəmizadə
180 nömrəli tam orta məktəbin müəllimi, Yeni Azərbaycan Partiyasının üzvü, ictimai-siyasi fəal.